R

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Somali Najat Fondunun İdarə heyətinin üzvü Əhməd Cama ilə görüşüb.

Əhməd Cama deyib ki, o Azərbaycana ölkə ilə tanış olmaq və Somalidə davamlı inkişafa nail olmaq istiqamətində irəliləyiş əldə etmək məqsədilə BAMF-la əməkdaşlıq və tərəfdaşlıq imkanlarını müzakirə etmək üçün gəlib.

Əhməd Cama Somalinin qarşılaşdığı ciddi problemlər və eləcə də hökumətin bu problemləri necə həll etməsi barədə danışıb. O, BAMF-ın vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlərlə iş sahəsindəki geniş təcrübəsi olduğunu deyib. Qonaq, həmçinin, Somalidəki  jurnalistlərin Azərbaycana gələrək təcrübə əldə etmələri üçün birgə əməkdaşlığın qurulması təklifini irəli sürüb.

Əhməd Cama və Umud Mirzəyev uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

BAMF prezidenti bildirib ki, BMT ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvü olan və humanitar layihələrin həyata keçirilməsində geniş təcrübəyə malik beynəlxalq səviyyəli QHT kimi BAMF, Afrika ölkələrində fəaliyyətini genişləndirməkdə maraqlıdır.

Tərəflər mədəniyyət, təhsil, gənclərin inkişafı, media, qaçqın və məcburi köçkünlərlə iş sahəsində əməkdaşlığa dair razılığa gəliblər.

Somali Najat Fondu, xüsusilə Somalinin müharibə və quraqlıqdan əziyyət çəkmiş yerlərində kənd və şəhər icmasının həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Fond gənclərin inkişafı (Fiziki inkişaf, psixoloji və emosional inkişaf) üçün müxtəlif proqramlar hazırlayır. Fond mədəni maariflənməni, səhiyyəni, kənd təsərrüfatının inkişafını, kimsəsiz uşaqlara yardım göstərilməsini dəstəkləyir. O, həmçinin müharibə və quraqlıqdan əziyyət çəkmiş qaçqın və məcburi köçkünləri sığınacaqla, tibbi xidmətlərlə təmin edir, su quyularının qazılması işində onlara yardım göstərir.