R

Beynəlxalq Avrasiya Fondunun prezidenti və Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez arasında görüş baş tutub.

BAMF prezidenti  təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. O həmçinin, BAMF-ın Azərbaycanın Tərtər rayonunda yerləşən regional ofisi barədə də danışıb.

Görüşdə daha sonra BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə fəaliyyət göstərən Eurasia Diary portalının təqdimatı oldu. Səfir Aureliya Buşez saytın fəaliyyəti ilə tanış olaraq, dünyanın hər yerindən olan oxuyucu sayına dair statistik rəqəmləri yüksək qiymətləndirdi. 

BAMF prezidenti Aureliya Buşezin Fransanın Azərbaycandakı səfiri təyin olunan andan etibarən gördüyü işin əhəmiyyətini vurğulayıb.

“Fransanın Azərbaycandakı səfirliyi müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edir. Mən onun bir çox tədbirlərdə fəal iştirak etməsini müşahidə etmişəm. Sizin vətəndaş cəmiyyətinin inkişafı yolundakı xidmətiniz xüsusi önəm daşıyır”, -deyə o əlavə edib.

Aureliya Buşez BAMF-ın ofisinə dəvət edildiyi üçün onun prezidentinə təşəkkürünü bildirib. O həmçinin, aprelin 1-dən 22-nə kimi Bakıda keçirilən Frankofoniya həftələri çərçivəsində bir sıra tədbirlərin təşkil olunmasında dəstək verdiyi üçün BAMF-a təşəkkür edib. Tərəflər həmçinin, səfirlik və BAMF arasında mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.